Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir
Dünya
Oxunub: 31
7 Ock 2026 | 16:00
Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir Rusiya-Ukrayna müharibəsi təkcə cəbhə xəritəsini deyil, Kremlin daxilindəki real güc münasibətlərini də açıq şəkildə nümayiş etdirir. Bu gün artıq məlum olur ki, Rusiya Federasiyasında prezidentin sözünün hüquqi və institusional çəkisi bəzi strukturlar üçün formal xarakter daşıyır. Belə olmasaydı, Vladimir Putinin açıq etirafları və verdiyi siyasi-hüquqi vədlər Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin tərəfindən bu qədər rahatlıqla ayaqlar altına atıla bilməzdi.

25 dekabr 2024-cü ildə AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulması ilə bağlı cinayət işinin bağlanması faktiki olaraq bir şeyi sübut edir. Bu gün Rusiya dövləti vahid mövqedən çıxış etmir, Rusiya prezidentinin dedikləri öz tabeliyində olan qurumlar üçün artıq heç bir öhdəlik yaratmır. Bu, sadəcə hüquqi deyil, siyasi problemdir.

Bastrıkin üçün qısa bir xatırlatma da edək.
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Həmin görüşdə çıxış edən Vladimir Putin deyib:

- Hörmətli İlham Heydər oğlu.

Bu yaxınlarda biz – doğrudur, Pekində hər halda qısa da olsa görüşdük. Buna qədər bir neçə dəfə telefonla danışmışıq.

Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk.

İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır.

Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda izləyirdik.

İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə. Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar “qara qutular”da qeyd olunub. Həmçinin ona təklif olunub ki, - bu da “qara qutular”da var, yaxşı eşidilir, - Mahaçqalaya eniş etsin, amma o, qalxdığı aeroporta qayıtmaqla bağlı qərar qəbul edib, sonra isə Qazaxıstana uçub. Bununla belə, fakt faktlığında qalır.

Faciənin səbəblərini indi Sizə təqdim etdim. Bütün bunlar baş verənlərin texniki xarakteristikasının dəqiq analizindən və “qara qutular”ın nəticələrinin saniyəbəsaniyə yoxlanılmasından sonra sənədlərdə öz əksini tapıb.

Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil.

Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Amma ümumilikdə, mən Sizə əsasən elə bu görüşümüz ərəfəsində - dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım.

Bəs Bastrıkin nə danışır?
O, faktiki olaraq Rusiya prezidentini təkzib edir. Rusiya İstintaq Komitəsinin təqdim etdiyi hava şəraitinin uyğun olmaması, buludlu hava, uğursuz eniş cəhdləri kimi arqumentlər nəinki beynəlxalq komissiyanın ilkin hesabatları ilə, hətta elementar məntiqlə də uzlaşmır. Təyyarənin qalıqlarında döyüş başlıqlarına məxsus zərbə elementlərinin aşkar olunması, hidravlik sistemdə xarici metal fraqmentlərinin tapılması, partlayıcı maddə izinin olmaması bir ssenarini təsdiqləyir. Təyyarə texniki nasazlıqdan deyil, kənar hərbi müdaxilə nəticəsində sıradan çıxıb. Əgər Rusiya İstintaq Komitəsi beynəlxalq ekspertlərə, öz mütəxəssislərinə və hətta Rusiya prezidentinə inanmırsa, o zaman kimə inanır?

Bastırıkin ilk dəfə deyil ki, belə bir mövqe sərgiləyir. Yekaterinburqda azərbaycanlı qardaşların Rosqvardiya və FTX tərəfindən döyülərək öldürülməsinin “ürək tutması” kimi rəsmiləşdirilməsi göstərdi ki, onun rəhbərlik etdiyi qurum üçün həqiqət anlayışı elastikdir, vicdan isə institusional kateqoriya deyil. Bu gün AZAL təyyarəsinin işi də eyni sxem üzrə bağlanır: faktlar, sübutlar var, beynəlxalq mexanizmlər işləyir, amma Rusiya İstintaq Komitəsi üçün bunların heç biri əhəmiyyət daşımır.

Problem ondadır ki, bu yanaşma ilə Rusiya təkcə Azərbaycanla münasibətlərini deyil, özünün beynəlxalq etibarlılıq kapitalını da məhv edir. Söhbət bir təyyarədən yox, dövlət məsuliyyətindən gedir. Azərbaycan isə bu məsələdə emosiyaya deyil, hüquqa söykənir.

Beynəlxalq komissiya işini davam etdirir və nə qədər ki, hüquqi proseslər bitməyib, Bastrıkinin imzaladığı heç bir məktub bu işi tarixdən silə bilməz. Ört-basdır edilən hər fakt gec-tez siyasi məsuliyyətə çevrilir. Bastrıkin bunu anlamaya bilər. Amma beynəlxalq sistem bunu yaxşı anlayır.
Bugün, 18:00
Sabah qar yağacaq
Bugün, 17:30
Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
Bugün, 17:00
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bugün, 16:30
Dünən "Tərəqqi" medalı ilə təltif olunan Sevinc Kərimova vəfat etdi
Bugün, 16:00
Elşad Xose həbs edildi
Bugün, 15:30
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”
Bugün, 15:00
Bu ailələrə 600 manat veriləcək
Bugün, 11:00
Prezident Külək Elektrik Stansiyasının açılış tədbirində çıxış edib
Bugün, 10:30
Dövlət Agentliyində sədr təyinatı: Hasil Abbasov kimdir? - DOSYE
Bugün, 10:00
Qalada maşın aşdı - Ölən var
Bugün, 09:30
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
Bugün, 09:00
Cəbrayıl və Füzulidə yanğın - Kəndlərə yayılır
Dün, 18:00
Yumurta satışına qoyulan limitin səbəbi bilindi: Artım olmayacaq
Dün, 17:30
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edir - FOTO - YENİLƏNİB
Dün, 17:00
Qəbələdə İcra Hakimiyyətindəki şok əlbəyaxa davanın yeni təfərrüatları -“Məni boğdular, sonra həbs etdilər”
Dün, 16:30
Yeni vəzifəyə təyin olunan XANIM KİMDİR? - FOTO
Dün, 16:00
Bastrıkin təyyarə qəzasını ört-basdır edir - İstintaq Komitəsi Putini inkar edir
Dün, 15:30
Azərbaycanda “kitayski” tabutlar – 8 min rəqəminin SİRRİ
Dün, 15:00
Məzar daşını sındıran şəxs həbs edildi
Dün, 11:00
Qış turizminin “əriyən” problemləri
Dün, 10:30
Azərbaycanda pul bazası 7.4% ARTIB
Dün, 10:00
DYP sürücülərə çağırış etdi
Dün, 09:30
Peyvənddən sonra qəfil ölüm: Orqanizmin gözlənilməz allergik reaksiyası
Dün, 09:00
Bakıda "it kabusu": Bir ayda 65 nəfər xəsarət alıb
6-01-2026, 18:00
Temperatur yüksələcək - Sabahın hava proqnozu
6-01-2026, 17:30
2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində ölüb
6-01-2026, 17:00
Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini ziyarət edib